Barıt sui-qəsdi
5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisə baş vermişdir.
Həmin gün bir qrup müxalifyönümlü katolik dəstə İngiltərə və Şotlandiya kralı I Ceyms və digər aristokratlara qarşı sui-qəsd törətmək üçün Lordlar Palatasının binasını partlatmağa cəhd etmişdi. İşin üstü sui-qəsdçilərdən birinin sarayda işləyən qohumuna həmin gecə orada olmaması haqda yazdığı xəbərdaredici məktubun kral adamlarının əlinə keçməsi nəticəsində açılmışdı. Məlumatdan şübhələnən kral adamları ehtiyat tədbiri güdərək, sarayın hər yönünü nəzarət altına almış və təxribatın qarşısını almışdılar. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi.
İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür.
Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.